Avropa Qran Prisinin rəhbər marşallarına təlim keçirilir

Avropa Qran Prisinin rəhbər marşallarına təlim keçirilir

Atletlər Kəndində yeni açılmış Marşallar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlimlərə başlanılıb. İki gün davam edəcək təlimdə Formula 1 Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80-ə yaxın rəhbər marşal iştirak edir. Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, sürətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri mövzularda nəzəri və praktiki məlumatlar verilir.

Təlimdə təşkilatçı qismində iştirak edən BŞH-nın Əməliyyat şöbəsinin rəhbəri Çingiz Mehdiyev Bakıda ilk dəfə keçiriləcək Avropa Qran Prisinin Marşal Proqramına böyük maraq olduğundan əlavə qrup qurmağa qərar verdiklərini bildirib: "Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallar üçün təlim keçirilir. Onlara zəruri mövzularda nəzəri və praktiki məlumatlar verilir. Onların hər biri əlli nəfərdən ibarət idarə edəcəklər və yarış zamanı yanğınsöndürmə, tibbi, qəza hadisələri və yarışın təhlükəsiz təşkilinə nəzarət edəcəklər. Təlimin sonunda onlara beynəlxalq sertifikat veriləcək. Bu da onlara əgləcəkdə beynəlxalq marşal lisenziyası almaqda kömək edəcək. Mindən artıq insanın müraciət etməsini nəzərə alaraq biz marşal klubu yaradırıq".

Bəhreyn Beynəlxalq Halqasının icraçı direktoru Salman Əlxəlifə Azərbaycanın Formula 1-ə yüksək səviyyədə hazırlaşdığını və bu yarışı uğurla həyata keçirmək üçün lazımi şəraitin olduğunu söyləyib: "Bakı Şəhər Halqası şəhər treki olduğundan burada keçiriləcək Formula 1 yarışı daha çox məsuliyyət tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işin öhdəsindən gələcək peşəkar kadrlara sahibdir və ölkənin malik olduğu bu resurslar yarışın uğurla baş tutmasına tamamilə kifayət edəcək".

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran-Prisi iyunun 17-19-da Bakıda olacaq.

Share with your friends